Yolayrıcında tıxac yaradan sürücülər: Qaydalar nə deyir? - VİDEO

Avtosfer TV 2 May 2024 18:18 Oxunub 3976
Yolayrıcında tıxac yaradan sürücülər: Qaydalar nə deyir?    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərin bir qismi yolayrıcını keçmə qaydasını bilmir. Paytaxtın bəzi küçələrində yolayrıcını nizamlayan nişanlar yoxdur. Bu halda bir çox sürücülər növbəsini gözləmirlər və hərəkətdə olan nəqliyyat vasitələrinə yol vermirlər. Nəticədə onlar qayda pozmaqla yanaşı ağır qəzalara səbəb olurlar. 


Bəs sürücülər yolayrıcına daxil olarkən necə keçməlidirlər? Yolayrıcını keçərkən nələrə diqqət etməlidirlər? Hansı hallarda cərimə oluna bilərlər? 


“Jetour Azərbaycan”ın dəstəyi ilə hazırlanmış videomaterialda Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı yolayrıcını keçmə qaydalarından danışıb. O bildirib ki, bu qayda pozuntusuna görə tətbiq edilən cərimənin məbləği artırılıb: “Əvvəl bu xəta, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 bal və 60 manat cəriməylə qiymətləndirilirdi. Lakin bir neçə ay öncə  qanuna edilən dəyişikliyə görə, bu qayda pozuntusu 3 bal və 80 manatla əvəz olundu. Yolayrıcının keçilməsi qaydası Yol Hərəkəti Haqqında Qanunda ətraflı şəkildə izahat edilir. Lakin bəzi sürücülər qaydanı anlamaq istəmir, yaxud məqsədli şəkildə pozurlar. Təbii ki, qarşıda sıxlıq varsa və sürücü bu halda yolayrıcına daxil olursa o, tıxacı daha da şiddətləndirəcək. Deməli belə olan halda yolayrıcına daxil olmaq qanuna ziddir. Həmçinin bir qisim sürücülər nizamlanmayan yolayrıcına daxil olarkən sağ tərəfdən gələn nəqliyyat vasitələrinə yol vermirlər və eyni qayda pozuntusunu törədirlər. Dairəvi hərəkət təşkil olunmuş yolda da sürücülər tez-tez yolayrıcını keçmə qaydasını pozurlar. Narahat olduğumuz əsas məsələ yolayrıcını keçmə qaydasını pozaraq sıxlıq yaradan sürücülərdir. Məsələn “Sahil” metrosunun qarşısında - Zərifə Əliyeva küçəsi ilə Bülbül küçəsinin kəsişməsində sürücülərin bu qaydanı pozması adi hala çevrilib. Bülbül küçəsiylə hərəkət edən sürücülərin bir qismi yolayrıcına daxil olarkən Neftçilər prospektiylə kəsişmədə işıqforun qırmızı işığı yandığı halda zolağa daxil olurlar və Zərifə Əliyeva küçəsiylə gələn dörd zolağın ən azı ikisini, bəzən üçünü zəbt edirlər. Belə olduqda sürücülər ən sağ zolaqdan hərəkət etmək məcburiyyətində qalırlar. Bu isə qayda pozan sürücülərin ünvanına nalayiq ifadələrin işlənməsiylə və onlara cərimə tətbiq olunmasıyla nəticələnir”.


Ekspert qayda pozan sürücülərə cərimələrin davamlı tətbiqinin vacibliyini vurğulayıb: “Təəssüf ki, qayda pozan sürücülərə cərimələr mütəmadi olaraq tətbiq edilmir. Əminəm ki, cərimələr istisnasız tətbiq olunsa o zaman heç bir sürücü bu xətanı törətməyəcək. Xüsusilə işıqforlarda nasazlıq halı qeydə alınanda üstünlük sağda gələn nəqliyyat vasitələrində olur. Lakin düzünə hərəkət edən sürücülər onlara yol vermir və yolda xaosa səbəb olurlar. Belə olan halda yolda nizam yaratmaq üçün əraziyə yol polisi gəlməlidir. Hər bir sürücü yolayrıcını keçmə qaydalarını bilməli və ən əsası ona əməl etməlidir. Sürücü yola, işıqforlara daim diqqət etməlidir və yoldakı şəraiti dəyərləndirməlidir. Hətta hər bir sürücü bu qaydaları əzbər bilməlidir. Qayda pozan sürücülər ən yaxşı halda cərimələnir, ən pis halda qəza törədirlər. Bunlardan qorunmağın sadə üsulu isə sadəcə qaydalara əməl etməkdir”. 

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh