Piyadaların ölümündə kimdir günahkar: Sürücülər, piyadalar, yoxsa ...? - V hissə

Yazarlar 3 May 2024 15:48 Oxunub 5130
Piyadaların ölümündə kimdir günahkar: Sürücülər, piyadalar, yoxsa ...? - V hissə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol-nəqliyyat qəzasına düşməmək üçün piyadalar yolu keçməzdən əvvəl onun təhlükəsiz olduğuna tam əmin olmalıdırlar - dayanmalı, çətiri bağlamalı, kapüşonları və qulaqcıqları çıxarmalı, ətrafa baxmalı, piyada keçidinə yaxınlaşan bütün avtomobillərin dayanmasını gözləməli və yalnız bundan sonra yolu keçməyə başlamalıdırlar.

Küçənin eni 20 metrdən artıqdırsa və o, uçuş-enmə zolağına bənzəyirsə, o zaman sürücü üçün həmin küçə çox vaxt rahat və təhlükəsiz görünür, əslində belə deyil. İşıqforun yaşıl işığı qırmızı işığa keçmək ərəfəsində yolayrıcında gözləməmək üçün sürücüdə yolayrıcını daha sürətləkeçmək üçün şüuraltı istək yaranır və nəticə olaraq bir çox hallarda ağır yol-nəqliyyat hadisələri baş verir.

Avtobus dayanacaqlarında sürücülər bu dayanacaqlardan parklanma kimi istifadə etdikdə avtobusun sərnişinləri yolun hərəkət hissəsində avtobusu tərk edirlər və hərəkətdə olan başqa nəqliyyat vasitələrinin təkərləri altına düşürlər.

Belə situasiyanı göz önünə gətirin. Piyada yolun hərəkət hissəsi (səki, səki kənarı) ilə gedir. Arxadan hərəkətdə olan nəqliyyat vasitəsi yaxınlaşır. Piyada ehtiyat edərək qəflətən nəqliyyat vasitəsinin düz qarşısında peyda olur və yolu keçməyə başlayır. Bir çox piyadaların bir pis vərdişi var: onlar əvvəlcə yan tərəfə bir addım atır və yalnız sonra arxaya baxırlar (ən pis halda, bu hərəkətləri eyni vaxtda edirlər). Amma bu, problemin mahiyyətini dəyişmir. Nəticədə piyada ya nəqliyyat vasitəsinin kapotunun üzərində olur və ya nəqliyyat vasitəsinin təkərləri altında qalır, nəticədə heç nəyi dəyişmək olmur.

Belə bir hal da baş verə bilər. Sürücü hətta “Yol hərəkəti qaydaları”na uyğun olaraq üstünlüyə malik olduğunu bilə-bilə və bu xüsusda digər hərəkət iştirakçılarını, elə piyadanın özünü idman yarışında olduğu kimi özünə rəqib kimi qəbul edir və piyadaya yol verməyə qətiyyən hazır olmur.Bu, əsasən sürücülərə, bəzən isə piyadaların özlərinə də aiddir. Məsələn, piyadalar çox vaxt sürücünün artıq keçidə çox yaxın olduğunu və piyadanın yolu keçməsi üçün kəskin əyləc basmağa məcbur olduğunu düşünmədən küçəni keçməyə tələsirlər, həyatlarını təhlükəyə ataraqkeçiddən (“zebra”dan) keçirlər.Sürücünün dayanmağa başlaması onun piyada ilə qarşılaşmayacağına zəmanət vermir. Yalnız sürücünün piyadanı görüb sürəti azaltmağa başladığına və piyadadan kifayət qədər məsafədə olduğuna tam əmin olduqdan sonra o, yolu keçməyə başlaya bilər.Məs., yol sürüşkən ola bilər, nəqliyyat vasitəsinin təkərləri “keçəl”, əyləclər nasaz vəziyyətdə ola bilər, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin arxasından başqa nəqliyyat vasitəsi gələ bilər.

Digər amil isə piyadanın çoxzolaqlı yolun nizamlanmayan piyada keçidindən keçməsidir. Tutaq ki, bir sürücü piyada zolağında piyadaya yol vermək üçün nəqliyyat vasitəsini dayandırır, qonşu zolaqda olan sürücü isə bu sürücünün niyə saxladığını anlamadığı səbəbindən piyadanı görmür. Əgər piyada bu maşının da ona yolu keçməsinə icazə versəydi, qəza baş verməzdi. Bəli, qaydalara görə, bu hadisədə sürücü təqsirli bilinir. Piyada isə təbii ki, haqlı olacaq, amma eyni zamanda əziyyət çəkəcək.

Buna görə piyada yolları yalnız müvafiq nişanlar olan yerlərdə keçməlidir və onlar olmadıqda ilk növbədə o, hər iki tərəfdən yaxınlaşan avtomobillərin olmadığına əmin olmalıdır. Əslində avtomobilin tam dayanmasına qədər gözləmək daha yaxşı variantdır. Bundan əlavə, piyadalar dayanmış avtomobillərin və ya ictimai nəqliyyatın qarşısından və ya arxasından qaçmamalıdırlar, avtobusun tərpənməsindən sonra arxayın şəkildə yolu keçməlidirlər.

Yol-nəqliyyat qəzalarının qurbanına çevrilməmək üçünpiyada ilk növbədə yol hərəkəti qaydalarına, təhlükəsiz sürətə və məsafəyə riayət etməlidir, qaranlıqda, xüsusilə apteklərin, məktəblərin, supermarketlərin, dayanmış nəqliyyat vasitələrinin yanından, qarşısından keçərkən (əslində avtobusun arxasından keçməlidir) diqqətli olmalıdır.

Piyadaların vəzifələri “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində öz əksini tapmışdır.

İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsində nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə sürücülərin məsuliyyəti müəyyən edilmiş və Məcəllənin sanksiyasında bu tələblərin pozulmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur.

Bir çoxlarımız onun şahidiyik ki, piyada üçün işıqfor bir dəqiqədən artıq qırmızı işıqda yandıqda insan davranış xüsusiyyətlərinə görə qırmızı işıqdan yaşıl işığa keçməsinə səbri çatmır və özünü təhlükəyə məruz qoyaraq keçidi işıqforun qırmızı işığında keçir.

Məcəllənin 338.1.1-ci maddəsində piyada işıqforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, 338.1.2-ci maddədə isə yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə piyadanın məsuliyyəti müəyyən edilmişdir.

Yol hərəkətinin bərabər hüquqlu iştirakçıları olmalarına baxmayaraq hər iki maddənin sanksiyasında yol hərəkəti subyektlərinə fərqli yanaşma mövcuddur. Qanun yaradıcılığı ilə məşğul olmalı orqan bu məsələyə aydınlıq gətirməsi bəlkə də piyadaların məsuliyyətini bir qədər də artırmış olardı. Bu artıq qanunvericiliyin problemidir. Yəqin ki, müəyyən araşdırmalardan sonra bu məsələ də həllini tapmış olar.

Sinqapur kimi ölkədə keçid olduğu halda piyada yolu istədiyi yerdə keçdiyi təqdirdə 500 sinqapur dolları (645 Azərbaycan manatı) miqdarında cərimə edilir.

Bu yaxın keçmişdə Bakı şəhərində çox əhəmiyyətli, təqdirəlayiq bir kampaniya keçirilirdi. Polis əməkdaşları piyadaların keçiddən kənardan keçmələrinə görə onları qaydalara əməl etməyə dəvət edirdilər, şəxsiyyətlərini müəyyən etdikdən sonra barələrində inzibati tənbeh tədbirləri görülürdü. Bu çox müsbət hal idi. Onlar üçün “çətin” olsa belə artıq piyadalar yolu keçidlərdən keçməyə bir növ adət etmişdilər. Bir müddət sonra bu qadağa unuduldu və piyadalar da yolun hərəkət hissəsini dədə-baba qaydasında keçməyə başladılar.

Əgər bədbəxt hadisə nəticəsində şəxsə ağır zərər vurulmuşsa və ya insanın (insanların) ölümünə səbəb qayda pozuntusunun subyekti piyada olduğu sübuta yetirilərsə, piyada barəsində hansı cəza tərbirlərinin tətbiq olunacağı təəssüf ki, qanunda nəzərdə tutulmamışdır, bu da qanunverici orqanın həll edəsi məsələdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramda müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının, yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, eyni zamanda uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında piyadaların təhlükəsiz hərəkətinin təşkili və tənzimlənməsi məsələləriProqramın ana xəttini təşkil edir. Bu tədbirlər planında müasir tələblər nəzərə alınmaqla piyada işıqforlarının tətbiqi meyarlarının dəqiqləşdirilməsi və onların sayının artırılması, davamlı monitorinqlər aparmaqla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq yaşayış məntəqələrinin küçə-yol şəbəkəsində eynisəviyyəli piyada keçidlərinin sayının artırılması, səkilərdə piyadaların hərəkəti üçün maneələrin aradan qaldırılması və s. məsələlər nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında” Əsasnamənin 3.1.12-ci bəndində piyada infraksturunun inkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər (parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurma məntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaq məntəqələrinin sayının artırılması və sair) görülməsini təşkil etmək və görüləcək işləri əlaqələndirmə kimi məsələləri özündə ehtiva edir.

Qərbi Avstraliyanın 2008-2020-ci illər üçün təklif etdiyi yol təhlükəsizliyi strategiyası “Sıfıra can atmaq: birgə səylər” məhz bu yanaşmanı aşağıdakı kimi formalaşdırır: “Sıfıra can atmaq” o deməkdir ki, bu ölkənin yollarında insanların ölməsi və ya ağır yaralanması qəbuledilməz hesab edilir.

SSRİ dönəmində, ölkəmiz müstəqilliyini elan etdikdən sonra da respublikada ara-sıra yol təhlükəsizliyi ilə bağlı ildə bir neçə dəfə aylıqlar keçirilirdi. Bu müsbət ənənə gələcəkdə də davam edərsə, yol qəzalarının sayında azalmanı müşahidə edərik.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq mümkündür. Hökumət orqanları vahid yanaşma əsasında yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görməlidirlər. Bunun üçün nəqliyyat, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil kimi sektorların iştirakı, eləcə də yolların, nəqliyyat vasitələrinin və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün əlaqəli şəkildə əməli tədbirləri həyata keçirmək tələb olunur.

Effektiv tədbirlərə daha təhlükəsiz infrastrukturun layihələndirilməsi və yol təhlükəsizliyi elementlərinin torpaqdan istifadə və nəqliyyatın planlaşdırılmasına daxil edilməsi, nəqliyyat vasitələrinin təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, yol-nəqliyyat qəzalarında zərərçəkmiş şəxslərə yardımın göstərilməsi, əsas risklərə cavab verən qanunvericiliyin qəbulu və tətbiqi, maarifləndirmə tədbirlərinin ardıcıl aparılması daxildir.

Gəldiyimiz nəticələr onu deməyə əsas verir ki, tərəqqinin əldə olunduğu ölkələrdə irəliləyiş əsasən sürət həddinin aşılması, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi, təhlükəsizlik kəmərlərindən, motosiklet dəbilqələrindən və uşaq oturacaqlarından istifadə edilməməsi kimi əsas risk faktorlarına dair qanunların təkmilləşdirilməsi, infrastrukturun təhlükəsizliyinin yaxşılaşdırılması; məsələn, piyadalar, velosipedçilər və motosikletçilər üçün səkilər və yollar tikməklə elektron təhlükəsizlik sistemləri və bloklanmaya qarşı əyləc sistemlərini məcbur etmək kimi avtomobil standartlarının təkmilləşdirilməsi və qəzalardan sonra tibbi yardımların yaxşılaşdırılması ilə bağlıdır.

Yolların tikintisi yol hərəkətinin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. İdeal olaraq, yollar bütün hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edəcək şəkildə tikilməlidir. Bu, piyadalar, velosipedçilər və motosikletçilər üçün lazımi şəraitin təmin edilməsi deməkdir. Yol hərəkəti iştirakçılarının travma risklərinin azaldılması üçün təhlükəsiz piyada keçidlərinin və velosiped yollarının tikintisi xüsusi əhəmiyyət kəsb edir.

Fikrimizcə, piyadaları, eyni zamanda yol infrastrukturuna cavabdeh olan şəxsləri daha məsuliyyətli olmağa dəvət etmək üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac vardır.

Bu tədbirlər hansılardır:

 - velosiped yollarının və təhlükəsiz piyada səkilərinin salınması, yolların keyfiyyətinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin artırılması;

- küçələr elə layihələndirməlidir ki, qaydaları pozmaq onlara əməl etməkdən daha çətin olsun;

- yolayrıcları sadə və aydın, anlaşılan olmalı, sürücünün diqqətini yayındıran elementlər olmamalıdır;

- zolaqların eni, döngələrin radiusu yolda müəyyən edilən sürət həddinə uyğun olmalıdır;

- piyada keçidləri avtomobillər üçün əlverişli yerdə deyil, məhz piyadaların hərəkət etdiyi yerdə yerləşdirilməlidir;

- yol nəqliyyat sistemi layihələndirilərkən uşaqların, yaşlıların və əlillərin maraqları nəzərə alınmalı və əsas götürülməlidir;

- keçidlər elə layihələndirilməlidir ki, piyada keçidi normal sürətlə (addımla) keçə bilsin, tələskənliyə yol verməsin;

- sürət həddinin, eyni zamanda sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısı alınmalıdır (bu profilaktik tədbir kampaniya xarakteri daşımamalıdır);

- təhlükəsiz insan, təhlükəsiz yol, təhlükəsiz sürət, təhlükəsiz avtomobil, təxirəsalınmaz təcili tibbi yardım və qəza sonrası qayğı prinsiplərinə əməl edilməlidir;

- qaranlıqda işıqqaytarıcı elementləri olan paltarlardan istifadə edilməlidir;

- piyada zolaqlarının aydın görünməsi üçün keyfiyyətli, silinməyən və işıqqaytarıcı xüsusiyyətlərə malik olan boyalardan istifadə olunmalıdır ki, həmin zolaqlar uzunömürlü olsun;

- yol hərəkəti təhlükəsizliyinin idarə edilməsi təkmilləşdirilməlidir;

- yol hərəkəti təhlükəsizliyində ictimaiyyətin və vətəndaş cəmiyyətinin iştirakı təmin olunmalıdır;

- yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyəti yüksəldilməlidir;

- uşaq bağçalarında və məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı müxtəlif xarakterli (əyani) tədbirlər keçirilməlidir;

- orta məktəblərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı fənn tədris edilməlidir;

- yol-hərəkətinin təhlükəsizlik məsələləri üzrə maarifləndirmə kampa-niyalarının keçirilməsi təmin olmalıdır.

Məqalədə qeyd edilən faktların böyük əksəriyyəti elmi-tədqiqat müəssisələrin elmi işçilərinin apardıqları araşdırmaların nəticəsində işıq üzü görmüşdür. Bu elmi müəssisələrin bir neçəsini qeyd etmək istərdim. Məs., Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Yol hərəkəti Təhlükəsizliyi İnstitutu. Bu elmi müəssisə yol hərəkəti təhlükəsizliyinin elmi, metodiki, ekspert, tədris və informasiya təminatı sahəsində fəaliyyət göstərən struktur bölməsidir. 15 noyabr 2004-cü ildə Ural Dövlət Meşə Təsərrüfatı Universitetinin Avtomobil nəqliyyatı kafedrasının tədqiqat şöbəsinin nəzdində yaradılan Ural Dövlət Meşə Təsərrüfatı Texniki Universitetinin Yol Hərəkəti Təhlükəsizliyi Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Yol Hərəkəti Təhlükəsizliyi Elmi-Tədqiqat İnstitutu və başqaları.

Yol təhlükəsizliyi üzrə tədqiqatlar yol təhlükəsizliyi siyasətinin effektivliyini artırmaq üçün köməkçi vasitədir. Yol hərəkəti təhlükəsizliyi siyasətinin əsası kimi elmi tədqiqatın məqsədi müxtəlif tədbirlərin hansı və nə qədər yol-nəqliyyat hadisələrinə təsir göstərə biləcəyi, bu tədbirlərin yol-nəqliyyat hadisələrinə təsiri haqqında müvafiq töfsiyələrin işlənib hazırlanması və yayılması, yeni tədbirlərin inkişafı və ya mövcud tədbirlərin təkmilləşdirilməsi üçün müvafiq ideyaların təqdim edilməsindən ibarətdir.

İnternet vasitəsilə axtarış edib Azərbaycanda da oxşar elmi-tədqiqat müəssisələrinin olub-olmamasını müəyyən etmək istəyim hər hansı müsbət nəticə vermədi.

Dövlət tərəfindən Azərbaycanda da oxşar elm ocaqlarının (ocağının) yaradılması fikrimizcə, elmi araşdırmalar nəticəsində yol hərəkətinin təşkilində müsbət nailiyyətlərə imza atmağa və ölümlərin sayının azaldılmasına xidmət edərdi.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Əvvəli burda:

Müəllif: Eldar Əsgərov (Şəkibəyov),

hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh