Arxa "mostun" yağı nə vaxt dəyişilməlidir? - FOTO

Avtoxəbər 15 Aprel 2024 13:00 Oxunub 760
Arxa "mostun" yağı nə vaxt dəyişilməlidir?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün qabaq intiqallı avtomobillər çoxluq təşkil etsə də, arxa intiqallı avtomobillər də kifayət qədərdir. Yüksək keçidli avtomobillərdə arxa körpü (most) əsas detallardandır. 
Ümumi olaraq arxa körpü ciddi qulluq tələb etməsə də, vaxtaşırı yağ dəyişdirilməsi şərtdir. Bəs yağ nə vaxt və necə dəyişdirilməlidir?
Kimyaçıların qənaətinə görə, müasir transmissiya yağları 200 min kilometr və daha çox təhlükəsiz şəkildə istismar edilə bilər. Lakin avtomobil istehsalçıları (haqlı olaraq) belə düşünmür. Çünki 200 min kilometr ideal şərait üçündür ki, bu da çox zaman olmur. Avtomobil uzun müddət tıxacda, isti havada, pis yolda hərəkət etdikdə yağ keyfiyyətini itirir. Bu səbəbdən istehsalçılardan asılı olaraq yağdəyişmə intervalı 40-60 min kilometr arası dəyişir. 
Körpünün yağının dəyişməsinin qaydası bir qədər fərqlidir. Burada filtr rolunu yağboşaltma boltları oynayır. Onların tərkibində maqnit olduğundan metal yonqarını tutub saxlayır. Lakin yağ illərlə dəyişmədikdə maqnit də funksiyasını yerinə yetirə bilmir. 


Yağdəyişmə zamanı reduktor kifayət qədər isti olmalıdır ki, yağın özlüyü azalaraq asan boşalma təmin edilsin. Bəzi hallarda körpünün transformator yağı (olmadıqda kerosin) ilə yuyulması zəruridir. Təzə yağ doldurmazdan əvvəl boşaltma və doldurma boltları ilə yanaşı körpünün üstündəki havaçıxarma klapanı da sökülməli, neftlə yuyularaq təmizlənməlidir. Lazım gəldikdə bu detalın içindəki yayın sərtliyi yoxlanmalıdır. Bu detalın nasazlığı yağışlı havada körpüyə su dolmasına, ya da isti havada yağın başqa birləşmələrdən təzyiqlə çıxmasına səbəb olur. 


Arxa körpü istehsalçının tövsiyə etdiyi yağla doldurulduqdan sonra sürücü bir neçə gün avtomobili dayandığı yerdə müşahidə etməlidir. Əgər yerə yağ dammayıbsa hər şey qaydasındadır.
Mexaniki ötürmələr qutusu, qabaq körpü və bölüşdürücü qutunun da yağına verilən tələblər və dəyişmə müddəti eynidir. 

VACİB QEYD: Dərin sudan keçən minik avtomobilinin transmissiya yağının yoxlanması zəruridir. Yağa su qarışdığı təqdirdə o dərhal dəyişdirilməlidir. Əks halda bütün detallar sıradan çıxacaq.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh